Azərbaycanda oktyabrın 10-dan ov mövsümü açılacaq. Bununla bağlı qərar Ovçuluq Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında qəbul edilib.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndəsi Rəşad Allahverdiyev bildirib.
Onun sözlərinə görə, ovçuluqla məşğul olmaq istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quş növləri üzrə müddət və normalarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytının “Elanlar” bölməsində tanış ola bilərlər.
Xidmət ovçuları müəyyən edilmiş qayda və normalara riayət etməyə, həmçinin ovu yalnız ovçuluq təsərrüfatlarında və bu məqsədlə ayrılmış xüsusi ərazilərdə həyata keçirməyə çağırıb.

