Gürcüstanın baş naziri İrakli Kobaxidze, Finlandiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Elina Valtonen ilə planlaşdırılmış görüşü ləğv edib. DenMedia.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Dünən qanunsuz aksiyada iştirakı və yalan bəyanatları səbəbindən baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılmış görüşü ləğv edib,” — deyə açıqlamada qeyd olunur.
Valtonen Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Tbilisiyə gəlmişdi. O, əvvəlcə xarici işlər naziri Maka Boçorişvili ilə danışıqlar aparıb, ertəsi gün isə baş nazir ilə görüş planlaşdırılmışdı.
Lakin səfər ərəfəsində Valtonen Tbilisidə parlament binası qarşısında keçirilən müxalifət mitinqinə qatılıb, iştirakçılarla söhbət edib və sosial şəbəkədə video paylaşaraq etirazçılara dəstək ifadə edib.
Aksiya zamanı təxminən iki min nəfər Rustaveli prospekti boyunca yürüş edib. Onlar Gürcüstan və Avropa İttifaqı bayraqları daşıyıblar, aralarında ABŞ və Ukrayna bayraqları da görünüb.