ABŞ-ın Türkiyəyə Rusiyadan neft və qaz alışı ilə bağlı təzyiqi artır. Bu barədə “İzvestiya”ya Rusiyanın Ankaradakı səfirliyində məlumat verilib.
“Bu məsələdə ABŞ-ın Türkiyə Respublikasına təzyiqi, şübhəsiz ki, fasiləsiz şəkildə artır,” — deyə səfirlik bildirib.
Diplomatlar qeyd ediblər ki, Qərbdə neokolonializm ideyaları populyar olduğuna görə digər dövlətlərə öz iradəsini diktə etmək onlar üçün adi siyasət alətinə çevrilib.
Səfirlik vurğulayıb ki, ABŞ-ın Moskva ilə Ankara arasında enerji əməkdaşlığını məhdudlaşdırmaq cəhdləri əvvəl də olub, bundan sonra da olacaq və bu addımların “bütün əlamətləri ədalətsiz rəqabətə uyğundur”.
Diplomatik nümayəndəlik əlavə edib ki, Rusiya və Türkiyə ən geniş mövzular üzrə — o cümlədən enerji sahəsində əməkdaşlıq barədə — daimi təmasdadır.
“Bu yalnız neft deyil, həm də qaz təchizatı və Mersin vilayətində "Akkuyu" AES-in tikintisidir,” — deyə səfirlik bildirib.

