Maliyyəçi Ceffri Epşteynin işi üzrə açıqlanan sənədlərdə ABŞ prezidenti Donald Trampa qarşı zorlama ilə bağlı iddia yer alıb. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, iddia sənədlərdən birində qeyd olunur, lakin mənbənin adı açıqlanmır, çünki bütün adlar və tanınmanı mümkün edən məlumatlar redaktə edilib.
Sənəddə limuzin sürücüsünün ifadəsinə istinad edilir. Onun adı da gizli saxlanılıb. İddiaya görə, 1995-ci ildə Trampın hava limanına gedərkən etdiyi telefon danışığı sürücüdə ciddi narahatlıq yaradıb.
Həmin söhbət zamanı Trampın dəfələrlə “Ceffri” adını çəkdiyi və “naməlum bir qıza qarşı zorakılıqdan” bəhs etdiyi bildirilir. Sənəddə bu danışığın məzmunu “son dərəcə narahatedici” kimi təsvir olunur.
Nəşr xüsusi olaraq vurğulayır ki, sənədlərdə Trampa qarşı rəsmi ittiham irəli sürülmür və söhbət məhkəmə hökmü yox, arxiv materiallarında yer alan iddiadan gedir.

