Türkiyə hökuməti supermarketlərin bazar günləri fəaliyyətinin qadağan edilməsi ilə bağlı qərar qəbul edə bilər.
Bu barədə Pərakəndə Satıcılar Assosiasiyasının (TPF) sədri Ömər Düzgün sosial şəbəkə X-də paylaşım edib.
Onun sözlərinə görə, Ankarada keçirilən son iclas zamanı məsələ ilə bağlı geniş konsensus formalaşıb.
“Pərakəndə Satıcılar Assosiasiyası Ankarada toplantı keçirdi. İclasda ictimaiyyət, alimlər, həmkarlar ittifaqları və media eyni mövqeni ifadə etdi: supermarketlərin bazar günləri bağlanmasına bir addım qalıb. Qərar artıq Ticarət Nazirliyinin ixtiyarındadır”, — deyə Düzgün bildirib.
O xatırladıb ki, bu praktika artıq bir çox Avropa ölkəsində tətbiq olunur. Düzgünün fikrincə, bazar günləri mağazaların bağlanması supermarket əməkdaşlarının ailə həyatının qorunmasına töhfə verir, eyni zamanda satıcı peşəsinin cəlbediciliyini artırır.

