ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücumu ilə bağlı mövqeyini açıqlayıb. Jurnalistlərin sualını cavablandıran Tramp bildirib ki, bu cür zərbələr ona xoş gəlmir və yolverilməzdir.
ABŞ lideri insident barədə məlumatı birbaşa Putindən aldığını da təsdiqləyib. Onun sözlərinə görə, Rusiya prezidenti həmin gün səhər saatlarında baş verənlərlə bağlı şəxsən özü ilə əlaqə saxlayıb.
“Bu, mənə xoş gəlmir, bu yaxşı deyil. Mən bu barədə bu gün səhər eşitdim. Bilirsiniz kim dedi? Prezident Putin. O, səhər tezdən mənə zəng edib hücuma məruz qaldığını söylədi. Bu, yaxşı deyil”, — deyə Donald Tramp bildirib.
Trampın açıqlaması Vaşinqtonun mövcud gərginlik fonunda bu cür eskalasiyalara ehtiyatla yanaşdığını göstərir.

