Böyük Britaniyanın baş naziri Kir Starmer 2024-cü il parlament seçkilərində qazandığı mandatdan imtina etməyəcəyini bəyan edib.
Starmer bu açıqlamanı İngiltərənin Hertfordşir qraflığında çıxışı zamanı verib. Onun sözlərinə görə, hökumətin əsas işi öz daxilində çəkişmələr aparmaq yox, dəstəyə ehtiyacı olan milyonlarla insanın maraqları uğrunda mübarizə aparmaqdır.
“Mən ölkəmizi dəyişmək üçün verilmiş bu mandatdan heç vaxt imtina etməyəcəyəm. Mübarizə aparmalı olduğum insanları da, sevdiyim ölkəni də tərk etməyəcəyəm”, – deyə Starmer vurğulayıb.
Baş nazir bu mövqeyini hökumətin üzləşdiyi ən ciddi siyasi böhranlardan biri fonunda səsləndirib. Böhrana səbəb Starmerin ABŞ-a səfir təyin etdiyi Peter Mandelsonun pedofiliyada ittiham olunmuş amerikalı maliyyəçi Jeffrey Epsteinlə yaxın münasibətlərinin üzə çıxması olub.
Daha sonra Mandelson vəzifəsindən uzaqlaşdırılıb və barəsində araşdırma başlanıb. Starmer təyinatın səhv olduğunu etiraf etsə də, istefa verməkdən imtina edib, müxalifətin və partiya daxilindən gələn çağırışlara baxmayaraq postunda qalacağını bildirib.
Qalmaqal fonunda baş nazirin aparat rəhbəri Morgan McSweeney və ictimaiyyətlə əlaqələr üzrə direktor Tim Allan istefa veriblər.

