ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. Ukraynaya ayrılan yardımların araşdırılmasına çağırıb.
O, jurnalist Con Solomon ilə “Triggered” podkastında çıxışı zamanı bildirib ki, ABŞ-də Co Bayden administrasiyası dövründə Ukraynaya göstərilən maliyyə yardımının taleyi ciddi suallar doğurur.
“Ukraynaya ayrılan ‘yardım’ əslində hara getdi? Bu, Amerika xalqına qarşı genişmiqyaslı fırıldaqçılıq kimi görünür və mütləq araşdırılmalıdır”
Tramp Jr. müsahibə zamanı Ukraynada bu araşdırmada ABŞ ilə əməkdaşlıq etməyə hazır şəxslərin olub-olmadığını soruşub.
Jurnalist Con Solomon isə belə şəxslərin olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın zamanda Ukrayna hökuməti nümayəndələrindən son on illə bağlı mühüm məlumatlar əldə edib. Bu məlumatlar arasında korrupsiya faktları, ABŞ-Ukrayna əlaqələri və siyasi təsir üçün qeyri-qanuni fəaliyyətlərdə iştirak edən şəxslər barədə detallar yer alır.
Bildirilir ki, bu açıqlamalar ABŞ-də Co Bayden administrasiyasına qarşı artan tənqidlər fonunda səsləndirilib. Respublikaçılar hesab edir ki, Ukraynaya ayrılan milyardlarla dollar vəsait üzərində kifayət qədər nəzarət olmayıb.
Vaşinqtonda artıq maliyyə yardımlarının auditinin aparılması ilə bağlı çağırışlar güclənir. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna da Ukraynada baş verən korrupsiya qalmaqalından sonra belə bir yoxlamanın vacibliyini vurğulayıb.

