Böyük Britaniyada Edinburq hersoqu və hersoginyası adətən Pasxa tətilini Wood Farm malikanəsində keçirirlər. Lakin bu il ev hələ də Şahzadə Endryu tərəfindən tutulub. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, Endryu ona ayrılmış yeni Marsh Farm malikanəsinə vaxtında köçməkdən imtina edib. O, hazırda mərhum atası Şahzadə Filipin keçmiş evi olan Wood Farm-da yaşayır.
Bildirilir ki, o, fevralın əvvəlində Sandrinqemə köçüb və bu qərar onun Ceffri Epşteynlə əlaqələri səbəbilə artan ictimai narazılıq fonunda verilib.
Plan üzrə Endryu Pasxaya qədər yeni evə köçməli idi. Lakin məlum olub ki, o, bu prosesi uzadır. Səbəb kimi isə Wood Farm-ın daha izolyasiya olunmuş və gözdən uzaq olması göstərilir.

Qeyd olunur ki, əvvəlcə onun üçün başqa variant — Gardens House da nəzərdən keçirilib. Lakin bu ev hazırda istirahət məqsədilə icarəyə verildiyi üçün istifadə olunmur.
Nəticədə Edinburq hersoqu Edvard və həyat yoldaşı Sofi üçün planlaşdırılan səfər dəyişdirilib.

