Karib dənizində yerləşən və əvvəllər qalmaqallı maliyyəçi Ceffri Epşteynə məxsus olmuş Litl-Sent-Ceyms adasının yeni sahibi mütəmadi olaraq kənar şəxslərin əraziyə daxil olmaq cəhdləri ilə üzləşir. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, bəzi şəxslər Epşteynin hələ də sağ ola biləcəyini düşünərək adaya keçməyə çalışırlar. Digərləri isə, iddia olunduğuna görə, məqsədlərinin “canavarlarla mübarizə” olduğunu bildirirlər.
Adaya daxil olmaq üçün hidrosikllərdən və ərazini havadan çəkmək məqsədilə dronlardan istifadə olunur.
Adanın hazırkı sahibi, milyarder Stiven Dekoffun əməkdaşları bəzi hallarda qayda pozucularını özləri saxlayıblar. Məlumata görə, onlar tutduqları şəxslərə qarşı zor tətbiq edib və bəzilərini bağlayıblar.
Bununla belə, adanın nümayəndəsi agentliyə bildirib ki, sahiblər şəxsi ərazini qorumaq üçün bundan sonra da qanun çərçivəsində hərəkət etmək niyyətindədirlər. O, saxlanılan şəxslərlə qəddar rəftar edildiyi barədə ittihamları rədd edib.

