ABŞ Ədliyyə Nazirliyi mayın 23-də Ağ Ev yaxınlığında baş verən atışmanı Prezident Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi kimi qiymətləndirib. Bu barədə ABC News məlumat yayıb.
Dövlət başçısının administrasiyası yenidən federal hakimə müraciət edərək gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə yeni bal zalının tikintisinə qoyulan məhdudiyyətlərin ləğvini istəyib.
Nazirliyin bəyanatında qeyd olunur ki, hücum edən şəxs “yenidən prezidentə, onun ailəsinə və əməkdaşlarına zərər yetirməyə cəhd edib”. Məlumata görə, kişi Məxfi Xidmətin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb, çantasından iriçaplı tüfəng çıxarıb və Ağ Ev istiqamətində atəş açıb.
Ədliyyə Nazirliyi həmçinin bildirib ki, prezident rezidensiyasında yeni bal zalının tikintisinə qoyulan hazırkı qadağa “dövlət üçün utancdır”. Sənəd müəlliflərinin iddiasına görə, yeni məkan hücumlar zamanı “etibarlı sığınacaq” rolunu oynayacaq.
Bildirilir ki, bina dron hücumlarına davamlı möhkəm dam, raket və pilotsuz uçuş aparatlarına qarşı dayanıqlı sütunlar, gülləkeçirməz və partlayışa davamlı şüşələr, həmçinin hərbi səviyyəli havalandırma sistemləri ilə təchiz olunacaq. Zalın damında isə dron stansiyası və snayperlər üçün atəş mövqeləri yerləşdiriləcək.

