72 yaşlı Jizel Peliko keçmiş ərinin törətdiyi ağır cinayətlərin qurbanı olduqdan sonra yenidən sevməyi və bir kişiyə güvənməyi bacardığını bildirib.
Bu barədə The Guardian məlumat yayıb.
Jizel Peliko keçmiş əri Dominik Peliko ilə bağlı böyük rezonans doğuran məhkəmə prosesi zamanı anonimlikdən könüllü şəkildə imtina etmişdi. Fransada “Avinyon canavarı” kimi tanınan Dominik Peliko illərlə həyat yoldaşını narkotik maddələrin təsiri altına salaraq ona qarşı ağır cinayətlər təşkil edib və baş verənləri kameraya çəkib.
May ayında fransız qadın Böyük Britaniyada, Hey-on-Uay ədəbiyyat festivalında çıxış edib. O, “Həyata himn” adlı memuarlarını təqdim edib və yeni sevgisini tapdığını bildirib.
“Bir kişiyə yenidən güvənə biləcəyimi düşünmürdüm, amma bu baş verdi. Deməli, həyatda hər şey mümkündür, heç vaxt ümidini itirmək olmaz”, — deyə Peliko bildirib.
Onun seçdiyi şəxs Jan-Lu Aqopyan olub.
“Biz görüşdük, yollarımız kəsişdi və mən 73 yaşlı bu gənc insanla tanış oldum. İnsan hər yaşda aşiq ola bilər”, — deyə Jizel qeyd edib.
O, həmçinin cəmiyyəti qadınlara qarşı zorakılığa daha ciddi diqqət yetirməyə çağırıb və bunu “sərhəd tanımayan dəhşətli bəla” adlandırıb.
Peliko qızı Karolin Daryanın yaşadığı travmaya da toxunub. O bildirib ki, qızının baş verənləri geridə qoyaraq normal həyata qayıda biləcəyinə ümid edir.
Bundan başqa, Peliko Fransa hakimiyyətinin Dominik Pelikonun cinayətkarlarla əlaqə qurduğu saytın yenidən fəaliyyətə başlaması ilə bağlı araşdırmaya başladığını təsdiqləyib. Həmin resurs daha əvvəl, 2024-cü ilin iyununda bağlanmışdı.
Jizel Peliko orqanizminin illərlə davam edən zəhərlənməyə tab gətirməsini möcüzə adlandırıb. O, keçmiş ərinin müdafiə tərəfinin məhkəmə zalında onu alçaltmaq cəhdlərinə baxmayaraq, anonimlikdən imtina etdiyinə görə heç vaxt peşman olmadığını bildirib.
“Mən düşünürdüm ki, bu hekayə yalnız mənə aiddir. Amma sonra anladım ki, bu, meşəni gizlədən bir ağac imiş”, — deyə o bildirib.

