Amerikalı Betti Broderik, keçmiş ərini və onun yeni həyat yoldaşını öldürməsi ilə məşhurlaşan qalmaqallı cinayət işi ilə tanınan şəxs, 78 yaşında vəfat edib.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Betti Broderik aprelin 18-də həbsxanadan tibb müəssisəsinə köçürülüb.
Kaliforniya ştatının Cəzaların İcrası və Reabilitasiya Departamenti onun aprelin 24-də təbii səbəblərdən öldüyünü açıqlayıb.
Betti Broderik 1969-cu ildə Deniel Broderiklə evlənmişdi. Lakin onların nikahı 1985-ci ildə pozulub.
Boşanmanın səbəbi Deniel Broderikin Linda Kolkena ilə münasibət yaşaması olub.

Bu hadisədən sonra uşaqların himayəsi ilə bağlı uzunmüddətli məhkəmə çəkişmələri başlayıb.
1989-cu ildə Betti Broderik keçmiş ərinin evinə daxil olaraq yataq otağında onu və yeni həyat yoldaşını beşatımlı revolverdən açdığı atəşlə öldürüb.
1991-ci ildə məhkəmə onu ikinci dərəcəli qətldə təqsirli bilərək ardıcıl 15 ildən ömürlük həbs cəzasına məhkum edib.
Onun həyatı bir neçə film və serialın mövzusu olub. Bunlardan biri də 2020-ci ildə yayımlanan “Dirty John” antologiyasının ikinci mövsümüdür.

