Fransanın sabiq prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak Parisdə Monparnas qəbiristanlığında dəfn olunub.
Bu barədə Le Figaro nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Bernadett Şirakla vida mərasimi Müqəddəs Klotilda bazilikasında keçirilib. O, 22 yaşında məhz bu kilsədə Paris Siyasi Araşdırmalar İnstitutunda birlikdə oxuduğu Jak Şirakla nikaha daxil olmuşdu. Onların evliliyi 60 ildən çox davam edib.
Fransanın keçmiş birinci xanımı 5 iyunda, 93 yaşında vəfat edib.
Jak Şirak Fransaya 1995-2007-ci illərdə rəhbərlik edib. Prezident seçilməzdən əvvəl o, 18 il Paris meri olub və iki dəfə baş nazir vəzifəsini tutub. Jak Şirak 2019-cu ilin sentyabrında vəfat edib.
Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutmuş yeganə birinci xanım kimi tanınır. O, 1971-ci ildə Korrez departamentində yerləşən Sarran kommunasının bələdiyyə şurasına seçilib. 1979-2015-ci illərdə isə həmin bölgədə baş məsləhətçi vəzifəsində çalışıb.

