Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Hınçeşti rayonunun Ruska kəndi yaxınlığında yerləşən 7 saylı qadın həbsxanasına köçürülüb.
TASS onun vəkili Sergey Moraruya istinadən xəbər verir ki, burada saxlanma şəraiti Kişinyovdakı 13 saylı həbsxana ilə müqayisədə daha pis və daha alçaldıcıdır.
Vəkilin sözlərinə görə, müəssisədə içməli və məişətdə istifadə olunan su ilə bağlı problemlər mövcuddur. Suyun keyfiyyəti aşağıdır, bəzən isə onun verilməsi 2-3 gün müddətinə tam dayandırılır.
Moraru bildirib ki, buna görə məhbuslar üçün şəxsi gigiyena qaydalarına riayət etmək çətinləşir.
Yevgeniya Qutsul 2023-cü ildə Qaqauziyanın rəhbəri seçildikdən sonra onun Moldova hakimiyyəti ilə münasibətləri kəskinləşib.
2024-cü ildə onun barəsində qadağan olunmuş “Şor” partiyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi açılıb. Növbəti il Qutsul saxlanılıb və ev dustaqlığına keçirilib.
Həmin vaxt prokurorluq onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
5 avqust 2025-ci ildə Kişinyov məhkəməsi Qaqauziya rəhbərini 7 il müddətinə həbs cəzasına məhkum edib.
Hökmün elan olunduğu dövrdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qutsulun vəziyyətindən danışarkən emosiyalarını saxlaya bilməyib.
Zaxarovanın sözlərinə görə, gənc qadına təzyiq göstərilir və onun uşaqları, eləcə də ailəsi ilə görüşməsinə mane olunur.

