Fransanın mərkəz-sol siyasətçilərindən, Avropa Parlamentinin deputatı Rafael Qlüksman 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Onun namizədliyi avqustun 23-də rəsmən elan edilib.
Qlüksman seçki proqramının əsas istiqamətlərindən biri kimi ekoloji keçidi göstərib. O, hazırkı Fransa hökumətini meşə yanğınları və iqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlərin kifayət etməməsinə görə tənqid edir.
Siyasətçi sol elektoratın vahid namizədlərindən birinə çevrilməyi və Jan-Lük Melanşona alternativ formalaşdırmağı hədəfləyir. Fransada sol düşərgənin 2027-ci il seçkiləri ərəfəsində parçalanmış vəziyyətdə olduğu da qeyd olunur.
Mənbədə Qlüksmanın ailə keçmişi ilə bağlı da diqqətçəkən detal yer alır. Bildirilir ki, onun babası Rubin Qlüksman ötən əsrin 1920-ci illərində Fələstinə köçüb, sonradan kommunist olub və Komintern tərəfindən əməkdaşlığa cəlb edilib. O, biznesmen adı altında Fransa, Almaniya və Böyük Britaniyada sovet kəşfiyyatı üçün fəaliyyət göstərib.
Fransada prezident seçkilərinin ilk turunun 18 aprel 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Emmanuel Makron iki prezidentlik müddətini tamamladığı üçün yenidən namizəd ola bilməyəcək.

