ABŞ Təhsil Nazirliyi sosial şəbəkədə Donald Trampı Adolf Hitlerlə dolayı şəkildə əlaqələndirən paylaşımı istifadəçilərin reaksiyasından sonra silib.
Newsweek yazır ki, video nazirliyin rəsmi TikTok hesabında yayımlanıb. Paylaşımda 2017-ci ildə çəkilmiş “Darkest Hour” filmindən Uinston Çörçillin Hitler və nasist Almaniyası barədə danışdığı səhnədən istifadə olunub.
Çörçillin “Başın pələngin ağzında olanda onunla razılaşmaq olmaz” ifadəsindən sonra videoda Donald Trampın foto və görüntüləri göstərilib. Kadrların üzərində isə “Bunu bizdən yaxşı edən yoxdur” yazısı və pələng emojisi yerləşdirilib.

İstifadəçilər diqqət çəkiblər ki, filmin həmin səhnəsindəki “pələng” obrazı Hitlerə istinad edir. Bundan sonra paylaşım silinsə də, onun ekran görüntüləri sosial şəbəkələrdə yayılmağa davam edib.
ABŞ Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, videonu yerləşdirən əməkdaş istifadə etdiyi səhnənin kontekstini anlamayıb. Paylaşım daha sonra bütün platformalardan silinib.
Nazirlik həmin əməkdaşın adını və videonun nə qədər müddət açıq qaldığını açıqlamayıb.
Denmedia.az

