ABŞ Prezidenti Donald Trampın Ağ Evdə çalışan ən yaxın köməkçilərinə verdiyi külli miqdarda Milad hədiyyələri üzə çıxıb. Bu barədə Ağ Evin ictimaiyyətə təqdim etdiyi illik maliyyə bəyannamələrinə istinadən “The Washington Post” məlumat yayıb. Məlumat sonradan AP, Reuters və digər ABŞ KİV-ləri tərəfindən də təsdiqlənib.
Sənədlərə əsasən, Tramp icraçı köməkçisi Natali Harpa, kommunikasiya üzrə müşaviri Marqo Martinə və Oval Ofis əməliyyatları direktorunun müavini Çemberlen Harrisə ayrı-ayrılıqda 45 min dollar nağd pul hədiyyə edib. Ödənişlər maliyyə sənədlərində “bayram üçün nağd pul hədiyyəsi” kimi göstərilib. Natali Harpın Ağ Evin rəsmi saytında dərc olunan maliyyə bəyannaməsində də Donald Trampdan 45 min dollar aldığı açıq şəkildə qeyd olunub.

Harp, Martin və Harrisin hər biri Ağ Evdə ildə 150 min dollar maaş alır. Beləliklə, Trampın hər birinə verdiyi 45 min dollarlıq hədiyyə onların illik əməkhaqqının təxminən 30 faizinə bərabərdir. Oval Ofis əməliyyatlarının direktoru Uolt Nautaya isə 20 min dollar verilib. Onun illik maaşı 175 min dollardır. Trampın dörd əməkdaşına verdiyi hədiyyələrin ümumi məbləği 155 min dollar təşkil edib.
Ağ Ev bildirib ki, Trampın ətrafındakı şəxslərə Milad hədiyyələri verməsi uzun illərdir davam edən təcrübədir. Administrasiyanın mövqeyinə görə, sözügedən ödənişlər əməkdaşların rəsmi vəzifələrinin icrası ilə əlaqəli deyil və buna görə də hüquqi və etik qaydalara uyğundur.
r- 
Bununla belə, ödənişlər ABŞ-da etik müzakirələrə səbəb olub. Corc Buş administrasiyası dövründə Ağ Evin etika üzrə hüquqşünası olmuş Riçard Peynter bu cür ödənişlərin federal əməkdaşların dövlət maaşından əlavə kənar mənbədən kompensasiya almasını məhdudlaşdıran qaydalar baxımından suallar doğurduğunu bildirib. Digər keçmiş hökumət etikası rəsmiləri də bu məbləğdə hədiyyələrin rəhbər və işçi arasındakı münasibətlərə təsiri ilə bağlı narahatlıq ifadə ediblər.

