Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yaxın vaxtlarda Böyük Britaniyanı tərk edərək ABŞ-yə birdəfəlik qayıda bilərlər.
Denmedia.az "Marie Claire"-ə istinadən bildirir ki, buna səbəb cütlüyün kral ailəsinə məxsus dövlət mühafizəsi ilə təmin olunmaması və ailələrinin təhlükəsizliyindən narahatlıq keçirməsidir.
“Daily Mail” nəşrinin məlumatına görə, Sasseks hersoqu və hersoginyası Britaniya hakimiyyətinin onlara mühafizə ayırmamasından ciddi narahatdırlar. Cütlük özlərinin və övladlarının mümkün təhlükələrlə üzləşə biləcəyindən ehtiyat edir. Bu səbəbdən onlar Böyük Britaniyanı tərk edərək ABŞ-nin Montesito şəhərinə qayıtmağı düşünürlər.
Avqustun sonunda Harri və Meqan altı illik fasilədən sonra övladları ilə birlikdə Böyük Britaniyaya qayıdıblar. Mətbuatda yayılan məlumatlara görə, cütlük ölkədə uzun müddət yaşamağı planlaşdırıb, Kotsuolds bölgəsində məskunlaşıb və övladlarını yerli məktəbə yazdırıb.

Lakin ailənin Böyük Britaniyada qalıb-qalmayacağı mühafizə məsələsi ilə bağlı veriləcək qərardan asılı ola bilər.
Xatırladaq ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin rəsmi vəzifələrindən imtina etdikdən sonra vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilən dövlət mühafizəsindən istifadə hüququnu itiriblər. Cütlük həmin qərardan dəfələrlə şikayət etsə də, indiyədək istədikləri nəticəni əldə edə bilməyiblər.
Şahzadəyə yaxın mənbə “Daily Mail”ə bildirib ki, Harri mühafizə ilə təmin olunmasa, ailəsi ilə birlikdə Montesitoya birdəfəlik qayıda bilər. Mənbənin sözlərinə görə, bu, hətta məktəblərdə növbəti tətil zamanı baş verə bilər.
İddia olunur ki, Harri təhlükəsizlik məsələsini prinsipial hesab edir və Britaniyada özünü ABŞ-də olduğundan daha az təhlükəsiz hiss edə bilər.
Cütlüyün narahatlığının əsas səbəblərindən biri də övladları Arçi və Lilibetin təhlükəsizliyidir.
Məlumata görə, Harri və Meqan əvvəlcə uşaqlarını Böyük Britaniyada məktəbə yazdırsalar da, dərslər başlayandan bir neçə gün sonra qərarlarını dəyişiblər. Buna səbəb evlə məktəb arasındakı məsafənin uzaq olması və gündəlik gediş-gəlişin təhlükəsizlik baxımından riskli hesab edilməsidir.
Uşaqların məktəbə aparılıb-gətirilməsi üçün ayrıca avtomobil tələb olunub. Lakin yollardakı sıx nəqliyyat hərəkəti səbəbindən avtomobillərin karvan şəklində hərəkət etməsi çətinləşib.
Məsələyə kral ailəsinin bəzi üzvləri də münasibət bildiriblər. Harrinin dayısı, şahzadə Diananın qardaşı Çarlz Spenser bacısı oğlunun təhlükəsizliyindən narahat olduğunu dilə gətirib.
Spenser müsahibəsində bildirib ki, taxt-tacın varislik sırasında beşinci yerdə olan və hərbi xidmət keçmiş Harrinin polis mühafizəsi ilə təmin edilməməsi onu narahat edir.
O, bacısı Diananın ölümünü xatırladaraq Harrinin mühafizəyə ehtiyacı olduğunu düşündüyünü vurğulayıb.

