Kosta-Rikada xarici işlər naziri Manuel Tovarın ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi görüşə ölkə başçısına əvvəlcədən məlumat vermədən qatılması siyasi qalmaqala səbəb olub.
Kosta-Rika Prezidenti Laura Fernandes xarici işlər naziri Manuel Tovarı vəzifəsindən azad edib. Buna səbəb nazirin sentyabrın 22-də Nyu-Yorkda keçirilən və ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi beynəlxalq təhlükəsizlik toplantısına prezidentə məlumat vermədən qatılması olub.
Tovarın iştirak etdiyi görüş ABŞ-nin təşəbbüsü ilə yaradılmış və narkotik qaçaqmalçılığına, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə yönəlmiş “Amerika Qalxanı” təşəbbüsü çərçivəsində keçirilib.

Prezident Administrasiyasının məlumatına görə, nazirin görüş barədə əvvəlcədən məlumat verməməsi Laura Fernandesin toplantıda iştirakına mane olub. Rəsmi açıqlamada bu halın ölkənin strateji maraqlarına ciddi zərər vurduğu bildirilib.
Baş verənlərdən sonra Laura Fernandes Manuel Tovarın dərhal vəzifədən azad edilməsi barədə qərar qəbul edib.

Xarici işlər naziri vəzifəsinin müvəqqəti icrası xarici ticarət naziri İndiana Trexosa həvalə olunub. O, BMT Baş Assambleyası çərçivəsindəki səfərindən qayıtdıqdan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

