ABŞ Suriyaya ümumi dəyəri 5 milyon dollardan çox olan 36 qədim tarixi artefaktı geri qaytarıb. Onların arasında Palmira şəhərindən gətirilmiş daş relyef və qədim Roma villasından oğurlanmış 14 mozaika da var.
Bu barədə Nyu-Yorkun dairə prokuroru Alvin Breq məlumat verib.
Qaytarılan tarixi sərvətlər arasında livanlı qaçaqmalçı Jorj Lotfi tərəfindən qanunsuz olaraq Nyu-Yorka gətirilmiş 31 əşya da yer alır. Hazırda Lotfi beynəlxalq axtarışdadır. Həmin artefaktlar arasında Palmiradan gətirilmiş daş relyef və Suriya ərazisindəki qədim Roma villasından oğurlanmış 14 nadir mozaika da var.
Bundan başqa, 13 tarixi əşya Nyu-Yorkdakı Metropoliten Muzeyinin kolleksiyasından götürülüb. Daha dörd artefakt isə qədim incəsənət nümunələrinin ən böyük kolleksiyaçılarından biri olan Maykl Staynhardtın şəxsi kolleksiyasından müsadirə edilib. Onun barəsində uzun illər davam edən araşdırma aparılıb.
Suriyanın ABŞ-dəki müvəqqəti işlər vəkili Məhəmməd Nasir Kənatri bildirib ki, Suriya və ABŞ arasındakı əməkdaşlıq sayəsində ölkəsinin tarixi irsinin bir hissəsi nəhayət öz vətəninə qayıdır.
“Bu nailiyyət qarşılıqlı hörmətin və mədəni irsin qorunmasına ortaq sadiqliyin ölkələrimiz arasında möhkəm körpülərin qurulmasına necə kömək edə biləcəyini nümayiş etdirir”, – deyə diplomat əlavə edib.

