ABŞ-ın iri televiziya kanalları Prezident Donald Trampın iştirakı ilə keçirilən tədbirlərin birgə televiziya işıqlandırılmasını bərpa edib. Telekanallar bir neçə gün əvvəl CNN-in Ağ Evin televiziya press-pulundan kənarlaşdırılmasına etiraz olaraq bu formatda çəkilişləri dayandırmışdı.
Mübahisə Donald Tramp administrasiyasının CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini məhdudlaşdırmasından sonra yaranmışdı. CNN-in növbəli televiziya press-pulunda iştirakına da icazə verilməmiş, bundan sonra ABC, CBS, Fox News və NBC CNN-i əvəz etməkdən imtina etmişdi.
CNN, MS NOW və Politico qərarın ABŞ Konstitusiyasının Birinci düzəlişi ilə qorunan mətbuat azadlığına, eləcə də hüquqi prosedur təminatlarına zidd olduğunu bildirərək məhkəməyə müraciət etmişdi. Federal hakim daha sonra üç media qurumunun Ağ Evə girişinin müvəqqəti olaraq bərpa edilməsinə qərar verib.
Bundan sonra ABC, CBS, CNN, Fox News və NBC-dən ibarət televiziya press-pulu fəaliyyətini yenidən bərpa edib. New York Times-ın məlumatına görə, CBS Ağ Evdəki çəkilişləri həyata keçirib, CNN isə digər tədbirlərdə press-pul funksiyasını yerinə yetirib.

