The New York Times (NYT) qəzeti yaxın gələcəkdə bağlanmaq məcburiyyətində qalacaq və həmin gün ABŞ üçün möhtəşəm gün olacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, Truth Social-da nəşrin əməkdaşlarını “üçüncü dərəcəli müxbirlər” adlandıraraq uzun illərdir onlarla danışmadığını, buna baxmayaraq, onların daim onun haqqında yazdıqlarını, faktları yoxlamadıqlarını və yazdıqlarının doğru olub-olmamasına əhəmiyyət vermədiklərini bildirib.
“Yaxın gələcəkdə bir gün The Times öz çirkli qapılarını bağlamaq məcburiyyətində qalacaq və bu, Amerika üçün möhtəşəm gün olacaq!”, – Tramp yazıb.
O, qəzeti Mayami yaxınlığındakı Doralda yerləşən və 14–15 dekabr tarixlərində G20 sammitinin keçiriləcəyi Trump kurort-otel kompleksinin “qəsdən təhrif edilmiş” fotosunu dərc etdiyinə görə tənqid edib.
“The Times ölkəmizin uğursuzluğunu görmək istəyən dəlilərə xidmət edən saxtakar bir təşkilatdır. Etimadın olmaması səbəbindən onun tirajı kəskin şəkildə azalıb. Bu paylaşım uzun illərdir hər gün üzləşməli olduğum vəziyyətin sadəcə kiçik bir nümunəsidir!”, – prezident bildirib.

