Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 18 saylı uşaq bağçasında məktəbə hazırlıq qrupunda təhsil alan uşaqlar üçün “Məntiqi-riyazi təfəkkürün inkişafı” mövzusunda xüsusi məşğələ təşkil olunub.
Denmedia.az xəbər verir ki, Təlim prosesində azyaşlılara rəqəmlər, sayma bacarıqları, sadə toplama elementləri, eləcə də həndəsi fiqurlar – dairə, kvadrat, üçbucaq və düzbucaqlı kimi formalar əyani vəsaitlər vasitəsilə izah edilib. Məşğələ interaktiv üsullarla qurulub, uşaqlar müxtəlif didaktik oyunlar və praktik tapşırıqlar vasitəsilə mövzunu daha asan mənimsəyiblər.
Tərbiyəçi-müəllim Vüsalə Abdullayevanın rəhbərliyi ilə keçirilən məşğələdə uşaqların məntiqi düşünmə, müqayisə etmə, qruplaşdırma və analiz bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirilib. Tədris prosesində rəngli kartlar, fiqur maketləri və əyləncəli tapşırıqlardan istifadə olunması uşaqların marağını daha da artırıb.
Məşğələdə bağçanın rəhbərliyi və tərbiyəçi-müəllim heyəti də iştirak edib, tədris prosesini izləyərək uşaqların fəallığını və mövzuya yüksək marağını müsbət qiymətləndiriblər. Qeyd olunub ki, məktəbə hazırlıq mərhələsində məntiqi-riyazi təfəkkürün inkişafı gələcək təhsil uğurlarının əsasını təşkil edir.
Sonda 18 saylı uşaq bağçasının rəhbərliyi keçirilən məşğələni yüksək qiymətləndirərək, dərsin təşkili və uşaqlarla peşəkar yanaşmasına görə tərbiyəçi-müəllim Vüsalə Abdullayevaya təşəkkürünü bildirib.

