27 Sentyabr – Anım Günü ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 27 nömrəli tam orta ümumtəhsil məktəbində duyğulu tədbir keçirilib.
Denmedia.az xəbər verir ki, tədbir Birinci Qarabağ müharibəsində şəhid olan məktəbin məzunu Səfərov Vüqar Eldar oğlunun əziz xatirəsinə həsr olunub.
Anım tədbirinin ən kövrək məqamlarından biri şəhid məzun Vüqar Səfərovun adına sinif otağının açılması olub.
Artıq bu sinif otağında hər dərs zəngi ilə onun adı yaşayacaq, şagirdlər bu məkanı ziyarət etdikcə bir Vətən oğlunun həyat yolunu və qəhrəmanlığını xatırlayacaqlar.
Tədbirdə məktəbin direktoru Valid Mustafayev, şəhidin anası, döyüş yoldaşları, müəllimlər və şagirdlər çıxış ediblər. Çıxışlarda Vüqar Səfərovun keçdiyi döyüş yolu, Vətənə bağlılığı və göstərdiyi qəhrəmanlıqdan söz açılıb.
Şəhidin döyüş yoldaşlarının xatirələri isə tədbir iştirakçılarını duyğulandırıb. Bir zamanlar çiyin-çiyinə döyüşdükləri silahdaşlarını xatırlayan döyüşçülər onun Vətən qarşısındakı xidmətlərindən bəhs ediblər.
Şagirdlərin hazırladığı bədii proqram da tədbirə xüsusi ovqat qatıb. Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, müxtəlif musiqi nömrələri təqdim olunub.
Bu gün məktəbdə açılan bir sinif otağı əslində yalnız dörd divardan ibarət məkan deyil. Bu otaq bir şəhidin adının, həyatının və Vətən sevgisinin gələcək nəsillərə ötürülməsi üçün canlı bir xatirə ünvanıdır.
Vüqar Səfərov məktəbin məzunu idi. Bu gündən etibarən isə onun adı həmin məktəbdə yalnız məzun siyahısında deyil, şagirdlərin yaddaşında, müəllimlərin xatirəsində və hər gün açılan həmin sinif otağının qapısında yaşayacaq.
Çünki şəhidlər yalnız tarixdə qalmır. Onların adı gələcək nəsillərin yaddaşında yaşadıqca Vətən sevgisi də yaşayır.
Nizami Rəsulov
Denmedia.az

