Bu gün Azərbaycan və Ukrayna Prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna, eləcə də Odessadakı SOCAR neft bazasına zərbə endirməsi məsələsi müzakirə olunub. Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini pisləyiblər.
Denmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirərsə, o zaman rəsmi Bakı Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxa bilər.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Azərbaycanın Ukrayna ərazisindəki enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar istər-istəməz ikitərəfli münasibətlərdə daha da dərin böhrana gətirib çıxaracaq.
Xatırladaq ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Odessa vilayətində Azərbaycanın SOCAR şirkətinin neft bazasına zərbə endirib. Rusiya SOCAR-ın neft anbarına beş “Shahed” zərbə dronu buraxıb. Nəticədə yanğın baş verib və boru kəmərinə ziyan vurulub. Şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bu, son həftələrdə Ukraynada Azərbaycanla bağlı obyektlərə ikinci hücumdur. Bundan əvvəl, iyunun 28-də Azərbaycan qazının Ukraynaya nəql olunduğu Trans-Balkan qaz kəmərinin əsas elementi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edilmişdi.