Niderlandın Neykerk şəhərində (Gelderland vilayəti) “İsrail üçün Xristianlar” təşkilatının binası yaxınlığında partlayış baş verib. Hadisə 3 aprel saat 23:30 radələrində (yerli vaxtla) qeydə alınıb. Bu barədə De Telegraaf qəzeti məlumat yayıb.
Partlayışın episentri təşkilatın ərazisində yerləşən hasarın yaxınlığında olub. Yəhudi mərkəzinin ətrafı mühasirəyə alınıb, ərazidə fövqəladə xidmətlər işləyir. Polis araşdırmaya başlayıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
“İsrail üçün Xristianlar” fondu 1980-ci ildə ictimai xadim Karel van Oordt tərəfindən yaradılıb. Təşkilat ilkin olaraq protestantlara dəstək məqsədilə informasiya mərkəzi kimi fəaliyyət göstərib. Binada ticarət sahələri, studiya, ibadət məkanı və konfrans zalları yerləşir.

