İran Kəşfiyyat Nazirliyi ABŞ və İsrailin Tehrana qarşı “yumşaq müharibə”, “idrak müharibəsi” və “hibrid müharibə” metodlarından istifadə etməyə çalışdığını bildirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, “düşmən” hərbi hücumla nail ola bilmədiyi məqsədləri indi başqa yollarla həyata keçirməyə çalışır.
“Düşmən son müharibənin əvvəlində açıq şəkildə elan etdiyi, lakin hərbi hücumla reallaşdıra bilmədiyi ölkəni dağıtmaq və parçalamaq məqsədinə digər yollarla çatmağa çalışır. Bu çərçivədə ABŞ və İsrail yumşaq müharibə, idrak müharibəsi və hibrid müharibə metodlarına üstünlük verib”, — deyə açıqlamada bildirilib.
Nazirlik iddia edir ki, ABŞ və İsrail xüsusilə iqtisadi çətinliklərdən və qiymət artımından istifadə edərək ölkə daxilində sosial narazılıq yaratmağa, sui-qəsd və sabotaj aktları təşkil etməyə çalışır.
Açıqlamada həmçinin silah, sursat və xüsusilə “Starlink” kimi rabitə cihazlarının ölkəyə qanunsuz keçirilməsinin artırılması, bəzi media qurumlarından casusluq və təxribat məqsədilə istifadə edilməsi, sosial şəbəkələrin isə dezinformasiya üçün fəal şəkildə işə salınması planlarının olduğu bildirilib.
İran Kəşfiyyat Nazirliyi bu planlara qarşı zəruri tədbirlərin görüldüyünü və xalqın birlik və müqavimətinin bütün bu təhdidləri boşa çıxaracağını bəyan edib.
İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, hərbi sahədə məqsədlərinə çata bilməyən “düşmən” indi ölkənin iqtisadi dayanıqlığını hədəfə alır.
Prezident Tehranda Ticarət Palatasının üzvləri ilə görüşündə özəl sektorun gücləndirilməsinin ölkənin iqtisadi gücünü və milli müqavimətini artıracağını vurğulayıb.
“Bu gün əsas savaş meydanı iqtisadi müharibədir. Hərbi arenada məqsədlərinə çata bilməyən düşmən ölkənin iqtisadi dayanıqlığını zəiflətməyə və insanların dolanışıq imkanlarını pozmağa fokuslanıb”, — deyə Pezeşkian bildirib.

