ABŞ kəşfiyyatının Rusiyanın Avropadakı NATO ərazilərinə qarşı mümkün hərbi addım ata biləcəyinə dair əvvəlki qiymətləndirməsini dəyişdirdiyi iddia olunur.
CNN-in məlumatına görə, Vaşinqton daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə davam edərkən NATO ilə birbaşa qarşıdurma riskinə getməyəcəyini düşünürdü. Lakin bu yanaşmanın 2026-cı ildə dəyişdiyi bildirilir.
NATO daxilində Moskvanın alyansın müdafiə imkanlarını sınaqdan keçirmək və birliyini zəiflətmək məqsədilə artıq müxtəlif yoxlama xarakterli addımlar atdığı düşünülür. Son həftələrdə Qərb döyüş təyyarələrinin bir neçə dəfə pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün havaya qalxdığı qeyd olunur.
CNN yazır ki, iyul ayında döyüş təyyarələrinin havaya qalxma sayı ötən ilin eyni dövrü ilə müqayisədə 250 faizdən çox artıb.
ABŞ kəşfiyyatının mümkün Rusiya addımı üçün göstərdiyi zaman aralığının 2026-cı ilin payızından 2029-cu ilədək olduğu bildirilir.
NATO sözçüsü Martin O'Donnell isə alyansın müxtəlif ssenarilərə hazırlaşdığını deyib:
“Biz hər zaman bütün mümkün ssenariləri nəzərdən keçirir və onlara hazırlaşırıq”.
Mümkün risklər sırasında kiberhücumlar, nişansız silahlı qrupların göndərilməsi və NATO-nun şərq cinahına məhdud hərbi hücum kimi variantların nəzərdən keçirildiyi qeyd olunur.
Xəbərdə potensial hədəflər arasında Polşa, Estoniya, Latviya və Litvanın adları çəkilir.

