Bakının Xətai rayonunda yerləşən restoranda baş verən qətl hadisəsi ilə əlaqədar cinayətkar birlikdə iştirak etməkdə şübhəli bilinən 11 nəfər həbs edilib.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də saat 00:10 radələrində General Şıxlinski küçəsində yerləşən restoranlardan birində baş verən insident zamanı 43 yaşlı C.Mirağayev aldığı bıçaq xəsarətlərindən həyatını itirib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəlcədən planlaşdırılmasında iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilib.
Əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, həmçinin Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
İstintaqın məlumatına görə, həmin şəxslər kriminal ənənələrə sadiq qalaraq mütəmadi qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinirlər.
Hüquq-mühafizə orqanlarının versiyasına əsasən, şübhəlilər hədə-qorxu yolu ilə pul tələb etmək, kriminal aləmdə nüfuzlarını gücləndirmək və tələblərinə əməl etməyən şəxsləri amansızlıqla cəzalandırmaq məqsədilə cinayətkar birlik yaradıblar.
İddialara görə, dəstə üzvləri bu məqsədlə odlu və soyuq silahlardan istifadə edərək insanlara qəsdən ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisənin bütün təfərrüatlarının, saxlanılan şəxslərin hər birinin rolunun, eləcə də cinayətkar birliyin əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, həbs edilən Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur. Onun barəsində daha əvvəl dörd aylıq həbs qətimkan tədbiri seçilib.

