ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların yaxın günlərdə keçiriləcəyini gözlədiyini bildirib. O, bu barədə Axios-a telefon müsahibəsində danışıb. Trampın sözlərinə görə, Tehran razılaşma əldə etmək istəyir, lakin İranın təklif etdiyi şərtlər Vaşinqtonun istədiyi razılaşmaya uyğun gəlmir.
“İranla bu həftə daha çox danışıqlar gözləyirəm. Onlar razılaşma istəyirlər, amma bu, mənim istədiyim razılaşma deyil”, — Tramp bildirib.
Axios-un iki regional mənbəyə istinadən məlumatına görə, ABŞ və İran arasında növbəti dolayı danışıqlar sentyabrın 28-də, bazar ertəsi başlaya bilər. Qətər vasitəçilərinin həmin gün İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla ayrı-ayrılıqda görüşəcəyi gözlənilir.
Tərəflər arasında əvvəlki dolayı təmaslar ötən həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutub. ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Abbas Araqçi ilə Qətər vasitəçiləri üzərindən danışıqlar aparıblar.
İran tərəfi Hörmüz boğazının bir həftə ərzində yenidən açılması və nüvə danışıqlarının bərpasını nəzərdə tutan plan təqdim edib. Tehran bunun müqabilində ABŞ-ın dəniz blokadasını aradan qaldırmasını, İran neftinin satışına tətbiq edilən sanksiyaları ləğv etməsini və regionda atəşkəsin bərpasını istəyib. Tramp sentyabrın 26-da bu təklifi qəbul etmədiyini açıqlayıb.
Tramp eyni zamanda İrana yeni zərbələrin endirilməsi ehtimalını nəzərdən keçirməyə davam etdiyini bildirib. Axios-un bu barədə sualına ABŞ prezidenti belə cavab verib: “Mən bunu həmişə düşünürəm”.
İranın xarici işlər naziri Abbas Araqçi isə NBC-nin “Meet the Press” proqramında bildirib ki, Tehran diplomatik həllə hazırdır, lakin yeni hərbi hücum olacağı təqdirdə cavab verməyə də hazırdır. O, İranın “istənilən yeni təcavüzə, hətta "qiyamət müharibəsi" səviyyəsində olsa belə” müqavimət göstərməyə hazır olduğunu deyib və eyni zamanda danışıqlar qapısının açıq qaldığını vurğulayıb.

