Abşeron rayonu, Xırdalan şəhərində yerləşən geyim mağazasında bıçaqla təhdid hadisəsi baş verib.
Den.az-a danışan satıcının sözlərinə görə, 3-4 nəfərdən ibarət bir qrup şəxs avtomobillə mağazaya yaxınlaşıb. Onların arasında bir qadın da olub. Qadın və bir kişi avtomobildə qalıb, digər iki nəfər isə mağazaya daxil olaraq paltar seçməyə başlayıb. Seçdikləri paltarları mağazadan kənara – avtomobilə göndərərək geyinib yoxlamaq istəyiblər. Bir müddət bu cür davam etdikdən sonra, özləri də geyindikdən sonra mağazanı tərk ediblər.
Satıcı müştərilərdən pulu tələb edəndə onlardan biri ona “gəl maşına, burada verim pulu” deyib. Satıcı maşına yaxınlaşdıqda isə həmin şəxs avtomobili sürərək, “bura uyğun deyil, qabağa gedək” bəhanəsi ilə onu aldadaraq irəli aparıb. Daha sonra mübahisə yaranıb və pulu ödəməmək üçün müxtəlif bəhanələr gətiriblər – əvvəl kartla ödəyəcəklərini deyiblər, sonra isə mağazaya qayıdaraq orada verəcəklərini bildiriblər. Bu vaxt avtomobil sürətlə hərəkətə keçərək hadisə yerindən uzaqlaşıb.
Hadisə zamanı yalnız qrup üzvlərindən biri – bir gənc oğlan geridə qalıb. O, mağazanın qarşısında satıcı ilə mübahisə edərkən cibindən telefonu düşüb. Daha sonra o da hadisə yerindən qaçıb. Satıcı həmin telefonu götürərək dərhal polisə zəng edib və məsələ ilə bağlı məlumat verib.
Bir müddət sonra həmin gənc geri qayıdaraq telefonunu geri tələb edib. Satıcını bıçaqla hədələyərək telefonu qaytarmasını istəyib və “orada ailə şəkillərim var” deyə bildirib. Satıcı isə paltarların geri qaytarılmasını tələb edib və “sən gənc oğlansan, etmə belə, paltarları qaytar, səni şikayət etməyim” deyərək vəziyyəti yoluna qoymağa çalışıb. Lakin mübahisə davam edib və nəticədə polis işə qarışıb.
Satıcının bildirdiyinə görə, həmin şəxsləri əvvəllər tanımayıb. Ancaq bir gün öncə həmin qrup üzvlərindən biri mağazaya yaxınlaşaraq pencək almaq istədiyini, lakin zəhərləndiyi üçün halının pis olduğunu bildirib. Satıcı ona taksi çağırıb və həmin şəxs mağazanı tərk edib. Səhəri gün isə həmin adamlar qrup halında mağazaya gələrək bu hadisəni törədiblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. DİN-nin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Den.az-a bildirib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidov müəyyən olunaraq saxlanılıb.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Den.az