Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları qanunsuz dövriyyədən iri həcmli narkotik vasitə partiyası aşkar edərək müsadirə ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, narkotik maddələr Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya gedən nəqliyyat vasitəsində, “Cənub Astara” gömrük postunda aşkarlanıb.
Yük avtomobili stasionar rentgen qurğusu vasitəsilə yoxlanılan zaman nəqliyyat vasitəsinin qoşqusunda ümumi çəkisi 51 kiloqram 941 qram olan marixuana müəyyən edilib.
Dövlət Gömrük Komitəsi vurğulayıb ki, bu cür tədbirlər narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövlət sərhədində təhlükəsizliyin təmin olunmasına xidmət edir.

