ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Florida ştatında prezident Donald Trampın iqamətgahı üzərində qadağan olunmuş hava məkanını pozan şəxsi təyyarəni ələ keçirib. Bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı məlumat yayıb.
Hadisə 21 dekabr, bazar günü baş verib. Hərbçilərin bildirdiyinə görə, vəziyyət qısa müddətdə nəzarət altına alınıb və təhlükəsiz şəkildə həll edilib.
Məlumata əsasən, təyyarə Palm-Biç ərazisi üzərində uçuşlar üçün məhdudlaşdırılmış hava məkanına daxil olub. Məhz bu ərazidə Trampa məxsus “Mar-a-Laqo” özəl klubu yerləşir. Buna cavab olaraq həyəcan siqnalı ilə F-16 qırıcısı havaya qaldırılıb.
Pilotların hərəkətləri bu cür hallarda tətbiq olunan standart təhlükəsizlik protokollarına uyğun olub. Tutulan hava gəmisinin tipi və hava məkanını pozma səbəbləri açıqlanmır.
Komandanlığın yaydığı məlumatda deyilir ki, NORAD-a məxsus F-16 qırıcısı Palm-Biç üzərində məhdud hava məkanına daxil olan hava gəmisini səhər saatlarında ələ keçirib və insident təhlükəsiz şəkildə başa çatıb.

