Sumqayıt təhsil ictimaiyyətinə ağır itki üz verib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin rus dili müəllimi İlhamə Bayramova 46 yaşında vəfat edib.
Bu barədə Denmedia.az-a təhsil müəssisəsindən məlumat verilib.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan, şagirdlərinin və həmkarlarının dərin rəğbətini qazanan təcrübəli pedaqoqun səhhətində yaranan problem səbəbindən bağırsaq əməliyyatı keçirtdiyi bildirilir. Lakin əməliyyatdan sonra vəziyyəti qəfil ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ailəli olan İlhamə Bayramova iki övlad anası idi. Məlumata görə, onun həyat yoldaşı da təhsil sahəsində çalışır və Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə idman müəllimi kimi fəaliyyət göstərir.
Gənc yaşında dünyasını dəyişən müəllimin vəfatı həm çalışdığı kollektivdə, həm də Sumqayıtın təhsil ictimaiyyəti arasında böyük kədər hissi ilə qarşılanıb. Onu tanıyanlar İlhamə müəllimi peşəsinə sadiq, qayğıkeş və fədakar müəllim kimi xatırlayırlar.
Qeyd olunur ki, mərhum pedaqoqun əziz xatirəsi onu tanıyanların və yetişdirdiyi şagirdlərin qəlbində hər zaman yaşayacaq.


