Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində avtomobildən oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 28 aprel tarixində “Kia” markalı avtomobildən qiymətli əşyalar oğurlanıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş və digər cinayətlərə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehdiyev saxlanılıb.
Şübhəlilərin avtomobildən oğurluq etməsi müşahidə kameraları vasitəsilə də qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər paytaxtda “KIA” markalı başqa bir avtomobildən də pulqabı, 270 manat, bank kartları və sənədlər oğurlayıblar.
Bundan əlavə, onların üzərindən şəxsi istifadə məqsədilə əldə etdikləri metamfetamin psixotrop maddəsi aşkar olunub.
Faktla bağlı istintaq davam edir.

