Böyük Britaniyada cərrah əməliyyat zamanı xəstənin daxili orqanlarının yanlış hissələrini birləşdirdiyinə görə tibbi fəaliyyət hüququndan məhrum edilib.
Sky News-un məlumatına görə, hadisə 2020-ci ildə Mançesterdəki xəstəxanalardan birində bağırsaq əməliyyatı zamanı baş verib. Əməliyyata rəhbərlik edən Yasser Abdel Rahman nazik bağırsağın yanlış hissəsini mədəyə birləşdirib və nəticədə həyat üçün təhlükəli “qapalı dövrə” yaranıb.
Xəstə evə buraxıldıqdan sonra dözülməz ağrılar keçirməyə başlayıb. İstintaq zamanı səhvin son dərəcə ciddi olduğu və xəstənin həyatını təhlükəyə atdığı müəyyənləşdirilib.
Buna baxmayaraq, cərrah xəstənin ailəsinə əməliyyatın uğurla keçdiyini deyib. Araşdırmanın nəticəsinə əsasən, onun tibbi praktikaya yararlı olmadığı qənaətinə gəlinib və adı həkimlər reyestrindən çıxarılıb.
Məlumata görə, cərrah etdiyi səhvə görə üzr istəməyib.

