İtaliyanın Messina şəhərindəki MuMe muzeyindən Renessans dövrünün ən böyük rəssamlarından biri olan Antonello da Messinaya məxsus dörd qiymətli əsər oğurlanıb. Bu barədə Associated Press məlumat yayıb.
Hadisə 15 avqustda, İtaliyada Ferragosto bayramının qeyd edildiyi gün baş verib.
Məlumata görə, üç oğru muzeyin mühafizə və siqnalizasiya sistemlərini keçərək 1473-cü ildə yaradılmış San-Qreqorio poliptixinin günümüzə qədər qorunub saxlanılan beş lövhəsindən üçünü aparıb.
Bundan əlavə, qorunan zirehli qutudan Müqəddəs Məryəm və İsanın təsvir olunduğu ikitərəfli ikon da oğurlanıb.

Muzey rəhbərliyi hadisədən sarsıldığını bildirib. Çünki oğruların hədəfinə da Messinanın ən məşhur və ən qiymətli əsərləri düşüb.
İncəsənət cinayətləri üzrə ekspertlərin fikrincə, əsərlərin tanınmış olması onların satılmasını olduqca çətinləşdirir.
“Da Messinanın əsərini oğurlamaq satmaqdan daha asandır. Əgər bunlar adi oğrulardırsa, tezliklə bunun fərqinə varacaqlar”, – incəsənət cinayətləri üzrə ekspert Linda Albertson bildirib.
Onun sözlərinə görə, bu cür məşhur sənət əsərləri bəzən bir cinayətkardan digərinə girov kimi ötürülür.

