Avstriyanın Zaltsburq şəhərində 210 ədəd Motsartın miniatür metal heykəlciyi oğurlanıb. Heykəlciklər bəstəkarın anadan olmasının 270 illiyinə həsr olunmuş yubiley sərgisində nümayiş etdirilirdi. Bu barədə HuffPost məlumat yayıb.
İyulun 15-də Mozarteum Fondu şəhərdə bəstəkarın sevimli iti Pimperl ilə birlikdə təsvir olunduğu 320 heykəlcik yerləşdirib. Təxminən 50 santimetr hündürlüyündə olan fiqurların müəllifi alman konseptual rəssam Ottmar Hörldür.
Rəssam bu əsərlərlə Motsartın yalnız dahi bəstəkar obrazını deyil, onun insani tərəfini göstərmək istəyib. Heykəlciklər bəstəkarın keçmiş evinin bağında, yaşayış otaqlarında və bir neçə pavilyonda yerləşdirilib.
Lakin sərginin açılışından cəmi iki həftə sonra 80-dən çox heykəlciyin yoxa çıxdığı məlum olub. Avqustun 12-də isə oğurlanan fiqurların sayı artıq 210-a çatıb.
Hörl hesab edir ki, bunun arxasında turistlərin təsadüfi hərəkəti deyil, mütəşəkkil oğurluq dayanır.
Hər heykəlciyin təxminən 100 avroya satılması planlaşdırılırdı. Beləliklə, oğurlanan fiqurların ümumi dəyəri təxminən 20 min avro qiymətləndirilir.
Rəssamın fikrincə, oğruların bu hadisədən böyük qazanc əldə etməsi də inandırıcı deyil.

Ehtiyat heykəlciklərin sayı kifayət etməyib. Üstəlik, fiqurların istehsalçısı məzuniyyətdə olduğundan itkinin qısa müddətdə bərpa edilməsi mümkün olmayıb.
Buna baxmayaraq, sərgi Zaltsburqda avqustun 30-dək davam edəcək. Sadəcə, oğurluqlardan sonra heykəlciklər əvvəlkindən daha seyrək yerləşdirilib.
Əsərləri əvvəllər də oğruların hədəfinə çevrilən Hörl isə baş verənlərə sakit yanaşıb:
“Bu, ictimai incəsənətin təbiətinin bir hissəsidir”, – deyə rəssam bildirib.

