Avqustun 19-da Ağdaş rayonundakı istirahət parklarından birində attraksion qəzası baş verib. Hadisə nəticəsində iki yeniyetmə xəsarət alıb.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, xəsarət alanların anası İlahə Baxışovanın sözlərinə görə, 16 yaşlı qızı daha ağır xəsarətlər alıb, oğlunun isə bud sümüyü çıxıb.
Qadın bildirib ki, övladları ilə Bakıdan Ağdaşa anasının yanına qonaq gəlib və uşaqları parka aparıb.
Onun sözlərinə görə, attraksion işlədiyi zaman vaqon relsdən çıxaraq aşıb və 16 yaşlı qızı konstruksiyanın altında qalıb.
İlahə Baxışova iddia edib ki, hadisədən dərhal sonra attraksion əməkdaşları ailədən heç bir quruma müraciət etməməyi istəyiblər.
Lakin qızının vəziyyəti pisləşdiyindən valideynlər onu xəstəxanaya aparıblar və burada yeniyetməyə ciddi xəsarətlər diaqnozu qoyulub. Ananın sözlərinə görə, attraksion sahibi də ailəyə yardım edə bilməyəcəyini bildirib.
Məlumata əsasən, vətəndaşın müraciətindən sonra ərazi üzrə polis orqanında hadisə ilə bağlı araşdırma başlanıb.

