Gürzə ilanları evlərə doluşub. Sakinlər evlərində qala bilmədiklərini iddia edirlər.
Bu barədə “DenazTV”-yə müsahibəsində Abşeron rayonunun Pirəkeşkül kənd sakini 51 yaşlı Nailə Alıyeva bildirib.
O, indiyədək 4 Livan gürzə növünə aid zəhərli və olduqca təhlükəli ilanını öldürmək məcburiyyətində qalıb.
Bildirib ki, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.
Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşür. Hətta iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum edir və bəzi hallarda onları tələf edir.
Sakinlər bildirirlər ki, xüsusilə uşaqlar və yaşlılar üçün yaranan vəziyyət ciddi təhlükədir. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini istəyirlər.
Pirəkeşkül kəndində yaranan təhlükəli vəziyyətlə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlarla birgə həmin əraziyə baxış keçirilərək, sözügedən mənzildə daxil olmaqla bir neçə istiqamətdə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Nizami Rəsulov
Denmedia.az

