Şimali Kiprdə Girne şəhəri sahillərində baş verən gəmi qəzası ilə bağlı saxlanılan 9 nəfərin, o cümlədən 3 Azərbaycan vətəndaşının həbs müddəti daha 7 gün uzadılıb.
Bu barədə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, növbəti məhkəmə iclasında gəmi heyətinin üzvləri olan Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qadir Quliyev və Valeh Hümbətova ayrıca ittiham irəli sürülməyib.
Hazırda saxlanılan şəxslərlə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə araşdırma aparılır.
Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs kimi deyil, faciənin birbaşa şahidləri kimi dindirilməlidirlər:
“Nəzərə almaq lazımdır ki, onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı əsas qərarları vermək səlahiyyəti olmayıb”.
Onun sözlərinə görə, azərbaycanlı ekipaj üzvləri digər məsul şəxslərdən fərqli olaraq gəmini son mərhələdə tərk edib və öz həyatlarını riskə ataraq sərnişinlərə kömək göstəriblər.
Həsənoğlu əlavə edib ki, faciədən sonra polis istintaq qrupu 300-ə yaxın şəxsdən izahat alıb. O, saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Hadisə avqustun 30-da baş verib. Şimali Kiprin Girne limanından Türkiyənin Mersin şəhərinə hərəkət edən “Filo Jet” sürətli sərnişin gəmisi limandan çıxdıqdan bir müddət sonra burun hissəsindən su almağa başlayıb. Ekipaj limana geri qayıtmağa çalışsa da, gəmi yolda aşaraq batıb.

