Fransanın şimalındakı Dünkerk limanında Qanadan gətirilən konteynerdə təxminən 3,9 ton kokain aşkarlanıb.
Fransanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğunun məlumatına görə, narkotik vasitə plastik tullantılar daşıyan konteynerin içərisində gizlədilib. Yük sentyabrın 14-də keçirilən əməliyyat zamanı aşkar edilib.
Bildirilib ki, ələ keçirilən kokainin bir hissəsinin Belçikanın Antverpen şəhərinə göndərilməsi planlaşdırılırmış. Fransa məhkəmə polisinin əməliyyatdan əvvəl narkotik yükünün arxasında dayandığı ehtimal edilən cinayətkar şəbəkə ilə bağlı araşdırma apardığı qeyd olunur.
Əməliyyat nəticəsində ümumilikdə 3,9 tona yaxın kokain müsadirə edilib.

Hadisə ilə əlaqədar Qanada da əməliyyat keçirilib. Qana Narkotiklərə Nəzarət Komissiyası (NACOC) üç şübhəlinin saxlanıldığını bildirib.
Saxlanılan şəxslər Niderlandda axtarışda olan və “Bolle Jos” ləqəbi ilə tanınan Jos Leydekkersin Qanadakı fəaliyyətinə yardım göstərməkdə ittiham olunurlar.

