Azərbaycanda penitensiar müəssisələrə narkotik vasitələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Ədliyyə Nazirliyindən Denmedia.az-a verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamaya baxış keçirilib.
Yoxlama zamanı bağlamadakı tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdən 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.
Digər fakt isə Bakı İstintaq Təcridxanasında qeydə alınıb. Həbs edilmiş şəxs üçün həyat yoldaşının gətirdiyi sovqata baxış zamanı geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş dörd bükülüdə ümumilikdə 0,888 qram heroin aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyi bir daha xəbərdarlıq edib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

