Hindistanın Sonipat şəhərində pitbul cinsindən olan itin hücumu nəticəsində 6 aylıq körpə ağır yaralanıb.
Haberler.com xəbər verir ki, hadisə sentyabrın 14-də Sikka Koloni məhəlləsində baş verib. Xalasının qucağında olan körpəyə hücum edən it onu qadının əlindən alaraq yol kənarı ilə sürüyüb.
Ətrafdakı şəxslərin köməyi ilə xilas edilən körpənin üzündə və qarın nahiyəsində çoxsaylı dişləmə yaraları aşkarlanıb. Qarın nahiyəsindəki yaralara təxminən 20 tikiş qoyulub.

Ağır vəziyyətdə olan körpə Rohtak şəhərindəki PGIMS xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Hücum zamanı körpəni qorumağa çalışan xalası da yaralanıb.

