Rusiyanın paytaxtı Moskvada sosial şəbəkələrdə yayılan təhlükəli trendi təkrarlamaq istəyən 16 yaşlı yeniyetmə zəhərlənib. Həkimlər onun həyatını xilas edə biliblər.
Bu barədə Denmedia.az SHOT Telegram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, yeniyetmə yaşıdları arasında yayılan trendə qoşularaq «Korvalol» dərmanını enerji içkisi ilə qarışdırıb və qəbul edib.
Bundan sonra onun vəziyyəti kəskin pisləşib. Yeniyetmədə ürəkdöyünmə, nəfəsalma çətinliyi və qusma müşahidə olunub. O, həmçinin anlaşılmaz danışmağa başlayıb və bir müddət sonra huşunu itirib.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yeniyetmədə zəhərlənmə əlamətləri aşkar ediblər. Həkimlər onu özünə gətirməyə nail olublar.
Tibb işçiləri valideynlərə oğullarının təcili xəstəxanaya yerləşdirilməsini tövsiyə etsələr də, onlar hospitalizasiyadan imtina ediblər.
Həkim-terapevt Şota Kalandiya enerji içkilərinin orqanizmi həqiqətən enerji ilə təmin etmədiyini, tərkibindəki kofein və digər maddələr hesabına onun mövcud ehtiyatlarını müvəqqəti səfərbər etdiyini bildirib.
Onun sözlərinə görə, bu içkilərdən sonra insan qısa müddət özünü daha gümrah hiss etsə də, ardınca yorğunluq yaranır. Bu isə yenidən enerji içkisi qəbul etmək istəyini artıra bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, «Korvalol» kimi sakitləşdirici təsirə malik preparatların enerji içkiləri ilə birlikdə qəbulu ürək ritminin pozulmasına, huşun itirilməsinə və tənəffüs problemlərinə səbəb ola bilər.

