Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumun Yəmənin “Ənsar Allah” hərəkatı – husilər tərəfindən həyata keçirildiyini bildirib.
Koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Turki əl-Maliki oktyabrın 10-da sərnişin terminalına edilən hücumu “terror aktı” və beynəlxalq humanitar hüquqa əsasən “müharibə cinayəti” kimi qiymətləndirib.
Onun sözlərinə görə, hücum nəticəsində hava limanının sərnişinləri və əməkdaşları arasında ölən və yaralananlar var.
Əl-Maliki koalisiya qüvvələrinin hücuma “qətiyyətli cavab verəcəyini” bildirib və cavab tədbirlərinin beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.
Son rəsmi məlumatlara əsasən, Riyad hava limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.
Həlak olanlar arasında 4 Səudiyyə Ərəbistanı vətəndaşı, 2 Banqladeş vətəndaşı, həmçinin ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları var.

