İraqda aparılan korrupsiya istintaqı çərçivəsində qalmaqallı iddia gündəmə gəlib.
Haberler.com yazır ki, iddiaya görə, deputat Hind əl-Abbasinin evində aparılan axtarış zamanı 57 milyon dollar nağd pul və 27 kiloqram saf qızıl aşkar edilib.
Məlumata görə, əməliyyat zamanı evdən həmçinin qızıldan hazırlanmış alt paltarı olduğu iddia edilən əşya da tapılıb.
İstintaq çərçivəsində aralarında deputatlar və bürokratların da olduğu 47 şübhəlinin saxlanıldığı bildirilir. Əməliyyatın dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmanın bir hissəsi olduğu qeyd olunur.
Bununla belə, Hind əl-Abbasi ilə bağlı axtarış və ələ keçirildiyi iddia olunan əşyalar barədə rəsmi qurumlar tərəfindən hələlik ətraflı təsdiqlənmiş açıqlama verilməyib.
Qeyd olunur ki, İraqda son günlər Baş nazir Əli əl-Zaidi hökumətinin başlatdığı genişmiqyaslı korrupsiya əməliyyatları gündəmdədir. Əməliyyatlar zamanı deputatlar, yüksək vəzifəli bürokratlar və dövlət məmurlarının hədəfə alındığı bildirilir.
Məlumata görə, Bağdad başda olmaqla bir sıra bölgələrdə keçirilən əməliyyatlarda azı 7 deputat və çox sayda yüksək vəzifəli dövlət rəsmisi olmaqla ümumilikdə 47 nəfər saxlanılıb.

Korrupsiya araşdırmaları çərçivəsində milyonlarla dollar nağd pul, qızıl, silah-sursat və daşınmaz əmlakın ələ keçirildiyi iddia olunur. İraq Yüksək Məhkəmə Şurasının açıqladığı digər bir əməliyyatda isə keçmiş neft nazirinin müavini ilə əlaqəli istintaq üzrə təxminən 10 milyon dollar, 3 milyard İraq dinarı, qızıl-zinət əşyaları, çox sayda uzunlüləli silah və təxminən 40 daşınmaz əmlak müsadirə edilib.
Baş nazir Əli əl-Zaidi korrupsiyaya qarşı mübarizədə güzəştə gedilməyəcəyini bildirib və əməliyyatların yeni şəxsləri də əhatə edə biləcəyinə işarə edib.

