Abu-Dabidə Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə operativ-taktiki təlimləri ərəfəsində hazırlıq məşqləri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydalarına dair tələblər çatdırılıb, daha sonra təlimlərin məqsədi, ssenarisi, keçirilmə ərazisi, mərhələli fəaliyyət planı və yerinə yetiriləcək tapşırıqlar barədə ətraflı brifinq təqdim olunub.
Təlimlər yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühiti şəraitində keçiriləcək. Plan üzrə qeyri-qanuni silahlı birləşmələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu elementlərin neytrallaşdırılması və girovların azad edilməsi, yaralıların təxliyəsi, ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və diversiya cəhdlərinin qarşısının alınması, eləcə də yanğınsöndürmə tədbirlərinin icrası nəzərdə tutulur.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə operativ-taktiki təlimləri 2–3 fevral tarixlərində keçiriləcək.

