ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi bildirilən sürətli qayığa zərbə endiriblər. Nəticədə üç nəfər həlak olub.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının (SOUTHCOM) məlumatına görə, əməliyyat sentyabrın 9-da narkotiklərin daşınması üçün istifadə olunan məlum marşrutlardan birində həyata keçirilib.
Komandanlıq kəşfiyyat məlumatlarının həmin qayığın narkotiklərin qanunsuz daşınmasında fəal iştirak etdiyini təsdiqlədiyini bildirib. Bununla belə, “Reuters” ABŞ tərəfinin yaydığı məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.
ABŞ ötən ildən Karib dənizi və Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğunu bildirdiyi gəmilərə qarşı hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar hüquq müdafiə təşkilatları tərəfindən tənqid olunur və onların qanuniliyi ilə bağlı mübahisələr davam edir.

